Bazar ertəsi xarici işlər naziri Ceyhun Bayramov İran islam Respublikasının Bakıya yeni təyin edilmiş səfiri Seyid Abbas Musəvini qəbul edib. Bu barədə XİN-dən məlumat verilib.
“Görüş zamanı həmsöhbətlər ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər, o cümlədən, əməkdaşlıq gündəliyində duran məsələlərin səmərəli şəkildə həyata keçirilməsi yolları üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda uğurla əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib”, - məlumatda qeyd olunur.
Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi.
Öz növbəsində, Musəvi münaqişə məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və Tehranın münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazır olduğunu vurğuladı.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr apardılar.
X.Nəsirzadə