Bakı və Tehran hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalar əldə edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“İkitərəfli münasibətlərimiz sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıb. Hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir və yeni razılaşmalar əldə edilib. Əminəm ki, bu sahədə də bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək”, - Əliyev bazar ertəsi Bakıda İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran iqtisadiyyat sahəsində də fəal əməkdaşlıq edir.
“Əminəm ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avrasiya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir. Bütün başqa sahələrdə - sərmayə qoyuluşu, elektroenergetika sahələrində və digər sahələrdə yaxşı nəticələr var”, - Azərbaycan prezidenti əlavə edib. **