“AzerGold” QSC Azərbaycanda qiymətli metal yataqlarının işlənməsinin maliyyələşdirilməsi üçün istiqraz buraxmağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə cəmiyyətin məlumatında deyilir.
“Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir. Bu sahədə işlərin icrasına kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi üçün cəmiyyət tərəfindən kapital qoyuluşu həyata keçirilməkdədir”, - deyə məlumatda bildirilir.
“AzerGold” QSC yeni layihələrə sərmayə qoyuluşunu təkcə əldə etdiyi gəlirlər və dövlət hesabına deyil, həm də alternativ maliyyə mənbələrinin hesabına həyata keçirməyi qarşıya məqsəd qoyub.
“Cəmiyyətin ötən ilki fəaliyyəti nəticəsində əldə edilmiş 21 milyon manat həcmində xalis mənfəətin 15 milyon manatının nizamnamə kapitalına yönəldilməsi qərara alınıb. Bu xüsusda qeyd olunan maliyyə mənbələrinin sırasına istiqrazların emissiyası da daxildir. Belə ki, cəmiyyət tərəfindən yaxın gələcəkdə Bakı Fond Birjası vasitəsi ilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
Planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır. İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq”, - deyə məlumatda vurğulanır.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova