Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, COVID-19 pandemiyası ilə əlaqədar İTS sisteminin tətbiq olunma vaxtının dəyişdirilməsi nəzərə alınmaqla bu Qaydanın tətbiqi 2021-ci ilədək təxirə salınıb.
Bundan başqa, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xidmətlər paketinin dəyərində də dəyişiklik edilib.
“İcbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə sığorta haqqı 90 manat təşkil edəcək. 2021-ci ildə xidmətlər paketinin dəyəri aşağıdakı qaydada müəyyənləşdiriləcək:
- 2021-ci il üzrə - icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi;
- aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.
Azərbaycanda icbari tibbi sığorta sistemi 2020-ci ildə 4 mərhəldə tətbiq edilməli və hər bir mərhələ müvafiq rübdə reallaşdırılmalı idi. I mərhələdə İTS ölkənin şimal hissəsi üzrə 20 rayonda tam tətbiq edilib.
Cari ilin I rübünün sonunda Nazirlər Kabineti ölkənin qərb və cənubunda, eləcə də Bakıda və Abşeron yarımadasında İTS sisteminin tətbiqinin təxirə salınmasına dair qərar qəbul edib.
Qərara əsasən, qərb və cənub rayonlarında icbari tibbi sığortanın tətbiqi 2021-ci ilin yanvar ayınadək, Bakı və Abşeron yarımadasında isə 2021-ci ilin aprel ayınadək təxirə salınıb.*
Ə.Məmmədov