Bakı Hərbi Məhkəməsi rüşvətxorluqda ittiham olunan 11 hərbçi və mülki şəxs barəsində seçilən həbs qətimkan tədbirlərini 3 ay müddətinə uzadıb.
Yerli KİV-in məlumatına görə, bu qərar Bakı Hərbi Məhkəməsinin bu gün keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 6 vəzifəli şəxsi saxlanılıb. Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev barəsində seçilmiş həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar avqustda ev dustaqlığı ilə əvəz edilib.
Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Dövlət Sərhəd Xidmətinin rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib. Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplayaraq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilinən 3 mülki şəxs barəsində də müvafiq qətimkan tədbirləri seçilib.
Həmçinin istintaqla müəyyən edilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırmışdır. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci, 311.3.1-ci və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.*
X.Nəsirzadə