Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü İqtisadi Şuranın yaradılması haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmanın mətninə əsasən, Maliyyə Sabitliyi Şurası ləğv olunur, əvəzində isə İqtisadi Şura yaradılır.
İqtisadi Şuranın sədri baş nazir Əli Əsədovdur.
Həmçinin, Şuraya Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin iki köməkçisi, maliyyə, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri və Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru daxildir.
Şuraya tapşırılıb ki, ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
O cümlədən, Şura fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.
Maliyyə Sabitliyi Şurası prezident İlham Əliyevin 15 iyul 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Şuranın yaradılmasında məqsəd ölkənin maliyyə və makroiqtisadi sabitliyinin təmin olunmasıdır.**
Ə.Məmmədov