2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda daxili turizm koronavirus (COVID-19) pandemiyası səbəbindən keçən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə azalıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə ölkənin turizm bazarındakı mənbə məlumat verib.
"Bu ilin birinci yarısında səfər etmiş daxili turistlərin sayı 841,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-iyun aylarında bu göstərici 2 milyon 97 min nəfər təşkil edib", - deyə mənbə qeyd edib.
Daxili turizmin bu dərəcədə azalması COVID-19 infeksiyasının yayılması və bununla əlaqədar Azərbaycanın regionlarında hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlıdır.
Mənbənin sözlərinə görə, 2020-ci ilin 6 ayı ərzində daxili turizm çərçivəsində daha çox 1-3 və 4-7 günlük səfərlər həyata keçirilib.
1 milyon 508,9 min nəfər (azalma 2,2 dəfə) qohum və dostlarını görmək, 937,4 min nəfər (azalma 3 dəfə) istirahət məqsədilə, 350,1 min nəfər (azalma 2,4 dəfə) işlə əlaqədar səfərlər edib.
2020-ci ilin yanvar-iyun aylarında turistlərin xərcləri 2,7 dəfə - 532,8 milyon manata qədər azalıb. Xərclərin əsas hissəsini (25,2%) mal və hədiyyələrin alınması (134 milyon manat - azalma 2,8 dəfə), qidalanma (108,7 milyon manat - azalma 2,6 dəfə) və nəqliyyat xərcləri (100 milyon manat - azalma 2,6 dəfə) təşkil edib.*
X.Nəsirzadə