2020-ci ilin avqust ayında Azərbaycanda deflyasiya 0,2% (iyulda 0,3%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Avqust ayında deflyasiya 0,2% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,5% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin və qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib”, - deyə məlumatda bildirilir.
Avqust ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,9% (cari ilin iyul ayının göstəricisinə uyğundur) təşkil edib. Ərzaq məhsullarının qiymətləri üzrə orta illik inflyasiya 5,3%, qeyri-ərzaq malları üzrə 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 1% təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,1% (2019-cu ildə 2,6% olub) təşkil edəcək.*
N.Abbasova