Azərbaycan Müdafiə Nazilriyi erməni kəşfiyyat-diversiya qrupunun rəhbəri Qurgen Alaverdiyanın foto və videogörüntülərini yayan hərbi qulluqçuların xidmətdən ehtiyata buraxıldıqlarını bəyan edib.
“Bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar”, - MN-nin Facebook sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.
Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. “Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb”, - MN-nin məlumatında qeyd olunur.
Azərbaycan Baş Prokurorluğu tərəfindən Qurgen Alaverdyanın əsir götürülməsi ilə nəticələnən diversiya törətmək cəhdi məqsədilə Azərbaycan ərazisinə qanunsuz keçmək faktı üzrə 5 maddə ilə cinayət işi başlanıb. **
A.Əzizov