2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 24 milyard 564,3 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 13 milyard 287,7 milyon manat (2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə artım 3,3%), qeyri-ərzaq mallarının alınmasına 11 milyard 276,6 milyon manat (azalma 6,9%) sərf olunub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 48,9%-i ərzaq məhsullarının, 5,2-i içki və tütün məmulatlarının, 14,6%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,5%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil yanacağının, 1,8%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-avqust aylarında istehlak mallarının 22,8%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün real ifadədə 8,9% artıb, fərdi sahibkarlar üçün 1,1%, bazar və yarmarkalarda 13,7% azalıb.
Cari ilin yanvar-avqust aylarında ticarət şəbəkəsində bir ölkə sakini 166,7 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova