Şərab və şərabçılıq məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər bu sahənin inkişafı, mövcud çətinliklərdən çıxış yolları barədə təkliflərini Kənd Təsərrüfatı Nazirliyinə təqdim edəcəklər.
Bu barədə nazirlikdə şərab və şərabçılıq məhsulları istehsalçıları ilə keçirilən onlayn videokonfransda bildirilib.
“Çıxışlar zamanı şərabçılığın inkişafı üçün milli normativ texniki sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı məqsədilə emal müəssisələrinin qurulması kimi təkliflər səsləndirilib. İştirakçılar üzüm istehsalçıları ilə şərab və şərab məhsulları istehsal edən şirkətlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi barədə ortaq fikrə gəliblər”, - deyə nazirliyin məlumatında bildirilir.
Görüşdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar məhsulların ixrac potensialının artırılması çərçivəsində dövlət üzümçülüyün də inkişafına subsidiya mexanizmi vasitəsilə dəstək verir.
Görüş iştirakçıları pandemiya şəraitində məhsul istehsalı və aqrar emalın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
“Çıxış edənlər pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbatın azaldığını, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandğını qeyd ediblər. Bildirilib ki, şərab məhsullarının anbarlarda qalması müəssisələrə əvvəlki həcmdə məhsul almaq və şərab istehsal etməyə imkan vermir. Bu səbəbdən Azərbaycanda emal müəssisələri tərəfindən texniki və süfrə üzümlərinə tələbat zəifləyib”, - deyə məlumatda qeyd olunur.
Yaxın günlərdə ölkə üzrə kütləvi üzüm yığımına başlanacaq. Hazırda respublika üzrə 16,1 min hektar üzüm sahələri mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir. Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Bu günə qədər 14521,8 bar verən üzüm sahələrindən 27,5 min ton məhsul yığılıb.
“Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir”, - deyə məlumatda vurğulanır.
Ötən il bar verən 14521,8 hektar üzüm sahəsindən 201,7 min ton məhsul yığılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,2 min ton çoxdur.*
X.Nəsirzadə