Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Gəncə şəhəri ərazisindəki yaşayış kompleksində 7 binanın tikintisi üzrə podratçıları müəyyən edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, MİDA ümumi dəyəri 21 milyon 513 min 845,57 manat olan 3 müqavilə bağlayıb.
MİDA “Amal Group” şirkəti ilə Gəncə şəhərində bir 9 mərtəbəli 2 bloklu və iki 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi haqqında 8 milyon 858 min 274,43 manat dəyərində müqavilə bağlayıb.
“Amal Group”, həmçinin iki 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi üzrə elan edilmiş tenderin də qalibi olub. Müqavilənin dəyəri 6 milyon 321 min 624,14 manatdır.
Bundan başqa, MİDA «Müasir Tikintilər» şirkəti ilə iki 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi haqqında 6 milyon 333 min 947 manat dəyərində müqavilə bağlayıb.
Yaşayış kompleksi Gəncədə Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə tikiləcək.
Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.*
Ə.Məmmədov