2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 189 milyon 586,01 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 22,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $16 milyard 570 milyon 632,27 min (2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə azalma 27,6% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $9 milyard 880 milyon 109,14 min (azalma 26,9%), idxalın həcmi $6 milyard 690 milyon 523,13 min (azalma 28,7%) təşkil edib.
İxracın strukturunda əsas həcm - 88,33% neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,34% ərzaq məhsullarının, 0,8% tütün və tütün məhsullarının, 3,63% əczaçılıq məhsullarının, 1,02% gübrələrin, 3,37% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,58% odun və agac məhsullarının, 1,76% geyim və geyim aksessuarlarının, 10,02% qara metal və ondan hazırlanan məmulatların, 24% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,67% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,72% mebelin, 25,09% digər məhsulların payına düşüb.
Yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 7,071 min özəl və dövlət müəssisəsi və 25,492 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 31,18%-i), Türkiyə (19,38%), Rusiya (4,69%), Çin (4,25%), Hindistan (4,18%), İsrail (3,87%), Yunanıstan (3,49%), Xorvatiya (3,42%) və Gürcüstanla (3,38%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,67%), Türkiyə (14,71%), Çin (13,28%), ABŞ (7,41%), Almaniya (5,3%), Ukrayna (4,18%), İtaliya (4,14%), Böyük Britaniya (2,96%), İran (2,72%) və Yaponiya (1,96%) ilə həyata keçirib.*
N.Abbasova