ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini ilkin şərt olmadan Qarabağ münaqişəsi ilə bağlı danışıqları bərpa etməyə çağırırlar.
Belə bəyanatla ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) çıxış ediblər.
“Bu gün həmsədrlər Parisdə intensiv məsləhətləşmələr aparıblar. Məsləhətləşmələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirib, iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlikdən sonra baş verən yeni hadisələrə xüsusi diqqət ayırıblar. Onlar, həmçinin tərəflərin xüsusi və ictimai mesajlarını və narahatlıqlarını nəzərdən keçirərək qiymətləndiriblər”, - deyə bəyanatda bildirilir.
ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin Qarabağ münaqişəsi zonasında monitorinqlərin bərpasına yönəlmiş hazırlıq prosesi ilə bağlı təklifləri həmsədrlər tərəfindən yüksək qiymətləndirilib.
“Həmsədrlərin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışığı baş tutub. Vasitəçilər nazirləri heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə öz mövqelərini aydın şəkildə bəyan etmək üçün yaxın həftələrdə həmsədrlərlə fərdi olaraq görüşə dəvət ediblər”, - deyə bəyanatda qeyd olunur.*
N.Abbasova