2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana $399 milyon 498,58 min ümumi məbləğdə 33,178 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin analoji dövrü ilə müqayisədə idxal olunmuş avtomobillərin sayı 24,3% artıb.
Məlumata görə, hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 31,026 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb ($348 milyon 211,57 min məbləğində, artım 28,8%). Həmçinin, $7 milyon 697,73 min dəyərində 136 ədəd elektrokar və $17 milyon 496,41 min dəyərində 3,05 min ədəd hibrid avtomobil idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $9 milyon 167,91 min dəyərində 108 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib (azalma 56,1%).
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.**
N.Abbasova