2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan 160 min 942,37 ton polimer məhsullar ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-avqust aylarında $118 milyon 513,37 min dəyərində (azalma 13,4%) 160 min 942,37 ton (azalma 12,7%) plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,2%, qeyri-neft ixracının strukturunda 10,28% təşkil edib”, - Komitədən qeyd ediblər.
2020-ci ilin yanvar-avqust aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 89 min 747,08 ton ($58 milyon 272,1 min) ilkin formada polietilenin, 64 min 388,17 ton ($51 milyon 786,36 min) isə ilkin formada polipropilenin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. “SOCAR Polymer” şirkətinin bu zavodların fəaliyyətindən $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.**
N.Abbasova