2020-ci ilin yanvar-avqust aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 7 milyard 964,4 milyon kubmetr təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 40,1%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - Komitədən bildirilir.
Bütövlükdə, cari ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19 milyard 839,4 milyon kubmetr qaz (artım 11,1%) nəql edilib.
2019-cu ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 10 milyard 417,8 milyon kubmetr təşkil edib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova