Azərbaycan Əfqanıstana nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə saziş imzalamağı təklif edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Məlumatda deyilir ki, sentyabrın 14-də Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə alt işçi qrupu rəhbərlərinin videokonfrans formatında növbəti iclası keçirilib.
Görüşdə çıxış edən Komitənin sədrinin birinci müavini İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti və rəsmiləşdirilməsində istifadə edilən vahid avtomatlaşdırılmış idarəetmə sistem barədə məlumat verib.
O əlavə edib ki, "Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş" imzalanıb və belə sənədin Əfqanıstanla da imzalanması qeyd olunan sahədə həyata keçirilən tədbirlərə öz töhfəsini verəcək.
Həmçinin, Hüseynov qeyd edib ki, Azərbaycan Rusiya, Ukrayna, İran və Gürcüstanla ilkin məlumat mübadiləsi mexanizminə malikdir.
Türkmənistan tərəfi tədbir zamanı yol xəritəsinə ikitərəfli Anlaşma Memorandumu və ya saziş üçün tədbirlər planı hazırlamaq, müvafiq tapşırıqların yerinə yetirilməsi üçün daimi işçi qrup yaratmaq və ilkin olaraq qadağan olunmuş malların siyahısını mübadilə etməklə bağlı təkliflər irəli sürüb. **
Ə.Məmmədov