Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar dalana dirənib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə hesab edir.
XİN-in məlumatına görə, çərşənbə axşamı C.Bayramov Fransanın Bakıdakı səfiri Zakari Qros ilə görüş keçirib.
“NazirFransa səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, münaqişənin həlli üzrə danışıqlar prosesi Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirənib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanması bu ölkənin yeni təxribatlarda maraqlı olduğunun göstəricisi olduğu vurğulanıb”, - məlumatda qeyd edilir.
Həmçinin, XİN başçısı Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsini təəssüflə vurğulayıb.
Öz növbəsində, Qros vurğulayıb ki, Fransa bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından Paris də narazıdır.
Səfir Fransanın xarici işlər nazirinin Bayramovu Parisə rəsmi səfərə dəvət etdiyini bildirib.
“Həmsöhbətlər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa, tərəflər siyasi məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi sahədə mövcud potensialdan tam istifadə olunmasında maraqlı olduqlarını qeyd ediblər”, - Azərbaycan XİN vurğulayır. **
A.Əzizov