2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 5 milyard 722,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 milyard 799 milyon manat məbləğində heyvandarlıq, 2 milyard 923,1 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 0,6% artıb.
Cari ilin 8 ayı ərzində respublikada 342,9 min ton ət (artım 3,1%), 1 milyon 411,9 min ton süd (artım 1,9%), 1 milyon 324,2 min ədəd yumurta (artım 6,6%), 15,5 min ton yun (artım 0,5%) və 446,6 ton barama (azalma 30,6%) istehsal edilib.
Sentyabrın 1-nə Azərbaycanda 2 milyon 914,9 min ton taxıl və paxlalı bitkilər (azalma 9,7%), 1 milyon 342,1 min ton tərəvəz (artım 4,5%), 757,6 min ton kartof (artım 7,6%), 431,7 min ton bostan bitkiləri (artım 0,9%), 398,2 min ton meyvə və giləmeyvə (artım 4,1%), 63,6 min ton üzüm (artım 12,4%), 3,8 min ton tütün (artım 6,4%), 759,3 ton yaşıl çay (artım 30,7%), 22,9 min ton günəbaxan (azalma 27,1%), 22 min ton şəkər çuğunduru (artım 12,2%) yığılıb.
DSK-nın məlumatına görə, ölkənin əksər rayonlarında kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.*
X.Nəsirzadə