2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 649,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Turist axınının bu dərəcədə azalması koronavirus infeksiyasının yayılması və 2020-ci ilin mart ayından Azərbaycan ərazisinə girişin qadağan edilməsi ilə şərtlənib.
Bu dövrdə ölkəmizə gələnlərin 28,6 faizi Rusiya Federasiyası, 25,6 faizi Gürcüstan, 17,0 faizi Türkiyə, 7,8 faizi İran, 2,1 faizi Ukrayna, 1,9 faizi Hindistan, 1,8 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,2 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 77,9 faizini kişilər, 22,1 faizini qadınlar təşkil edib.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,2 dəfə azalaraq 18,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 dəfə azalaraq 88,5 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi dəmir yolu və avtomobil, 29,1 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,6 dəfə azalaraq 1034,3 min nəfər olub. Ölkə vətəndaşlarının 31,8 faizi İrana, 28,5 faizi Gürcüstana, 19,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi Türkiyəyə səfər edib.
“2020-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən AzərbaycanRespublikası vətəndaşlarının 78,6 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib”, – deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə