Azərbaycan 2020-ci ilin yanvar-avqust aylarında 1,17 min ədəd minik avtomobili istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə avtomobil istehsalı 21,8% azalıb.
Azalma koronavirus pandemiyası səbəbindən aprel ayından etibarən istehsalın dayandırılması və yalnız iyun ayında bərpa olunması ilə izah olunur.
Avqustda 96 ədəd avtomobil istehsal edilib.
1 sentyabr 2020-ci il tarixinə anbarlarda 119 ədəd minik avtomobili var.
Eyni zamanda, may ayında dayandırılmış traktor istehsalı da bərpa olunub. Bütövlükdə, yanvar-avqust aylarında Azərbaycanda cəmi 165 ədəd traktor (azalma 79,8%) istehsal edilib. 2020-ci il sentyabrın 1-nə anbarlarda 144 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2019-cu ildə Azərbaycanda 2,36 min ədəd avtomobil istehsal olunub ki, bu da 2018-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. 2019-cu ildə respublikada 905 ədəd müxtəlif təyinatlı traktor (azalma 30,5%) istehsal edilib.*
X.Nəsirzadə