Uzunmüddətli perspektivdə «AzerGold» QSC-nin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi 14% həcminə hədəflənir. Bu barədə Cəmiyyətin məlumatında deyilir.
“Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə “AzerGold” QSC tərəfindən 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) korporativ strategiyası hazırlanıb. Bu strategiyanı həyata keçirməklə cəmiyyətin 2035-ci ilədək regional miqyasda irihəcmli dağ-mədən şirkətə çevrilməsi əsas strateji baxışı olaraq müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Bu proqramlar qızıl, mis-sink mədənlərinin, sənayenin yan sahələrinin inkişafı, beynəlxalq bazarlarda genişlənmə hədəflərini əhatə edir.
“Cəmiyyətin korporativ strategiyası çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır. Eyni zamanda, layihələrin icrası ilə Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi 14% həcminə hədəflənir. 2009-2019-cu illərdə qlobal mədən sənayesinin məcmu illik artım dərəcəsi 9% olub”, - deyə məlumatda qeyd olunur.
Strategiya sənədi 14 sentyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilib.
“Cəmiyyətin strateji hədəflərinə ən böyük qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən birinə çevrilməsi, mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması, strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığını aradan qaldırılması, habelə dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsinə töhfələrin verilməsi və əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi daxildir”, - deyə məlumatda vurğulanır.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan əlavə, dövlət başçısının 2020-ci il avqust tarixli sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova