Sentyabrın 16-na Elektron Kredit Platforması üzərindən 2,7 mindən çox müraciət qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması yaradılıb və 30 iyun tarixindən sahibkarların istifadəsinə verilib. 16 sentyabr tarixinə Elektron Kredit Platforması üzərindən 765,3 milyon manat həcmində yeni biznes krediti sifarişi üzrə 2,7 mindən çox müraciət qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir.
Artıq 253 müraciət üzrə ümumi həcmi 52,6 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib.
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən yeni biznes kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı hazırlanıb.
Bu proqrama əsasən, yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı olmamalı, kreditlərin müddəti 3 ilədək olmalıdır. Zəmanət verilən kreditlər üzrə faizlərin 50%-i dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.*
Ə.Məmmədov