Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürərək destruktiv siyasət yürüdür. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın regionda sülhə nail olmaq üçün şəraitin yaradılmasının zəruriliyi ilə bağlı bu yaxınlarda Misirdə verdiyi bəyanat nəinki Azərbaycana, həm də bütün regiona, o cümlədən Türkiyəyə qarşı təxribat xarakteri daşıyır. Təsəvvür edə bilərsinizmi ki, Mnatsakanyan və ya Ermənistanın digər rəsmi şəxsləri hansısa beynəlxalq tədbirdə iştirak edərkən fürsətdən istifadə edib Azərbaycan və Türkiyənin ünvanına növbəti yalan bəyanatlarla çıxış etməsinlər? Bu baxımdan Mnatsakanyanın son bəyanatı növbəti qarayaxma kampaniyasıdır", - deyə X.Xələfov bildirib.
O, Ermənistanın bu cür bəyanatlarla özünü yaxşı tərəfdən qələmə vermək istədiyini vurğulayıb.
Nazir müavini əlavə edib ki, Yerevan daim danışıqlar prosesini pozmağa çalışır. "Hər dəfə münaqişənin həlli üçün substantiv addımların atılması tələb olunanda Ermənistan danışıqlar prosesini pozmaq üçün növbəti təxribata əl ataraq Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi məsələsini uzadır", - deyə Xələfov vurğulayıb.
XİN rəsmisinin sözlərinə görə, Ermənistan Türkiyə və Gürcüstana da qarşı ərazi iddiaları irəli sürür. Ermənistan müstəqil deyil, beynəlxalq qüvvələrin maraq alətidir. Ermənistan ona deyilən məsələləri, üzərinə qoyulan vəzifələri yerinə yetirmək üçün bu cür bəyanatlar verir.
Nazir müavini əlavə edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.*
X.Nəsirzadə