“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2020-ci ilin sonunadək Ləki-Qəbələ dəmir yolunu istismara verməyi planlaşdırır. Bu barədə ADY-dən məlumat verilib.
“Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir. Bu layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82%-i tamamlanıb. Tikinti işlərinin bu ilin noyabr ayınadək başa çatdırılması və yolun isə ilin sonunadək istismara verilməsi planlaşdırılır”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, ADY-dən bildirilir.
Tikintisi iki ildir davam edən yolda 7 ədəd körpü, 6 ədəd avtomobil tuneli, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 106 ədəd suötürücü boru kimi süni mühəndisi qurğular tikilərək başa çatdırılıb.
Bundan başqa, yolda elektrik dirəkləri və 1 ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb və kontakt şəbəkəsinin quraşdırılması üçün son işlər davam etdirilir. Bu yolda kəsintisiz 800 metrlik relslərdən istifadə olunub ki, bu da sərnişinlərin komfortlu səyahət keçirməsinə, eləcə də səs çirklənməsinin qarşısının alınmasına hesablanıb. Yolda təhülkəsizliyi təmin etmək üçün ümumi uzunluğu 85 min paqon metr olan metal hasar da çəkilir.
“Qəbələyə çəkilən yeni yolda bir dayanacaq və bir stansiya olacaq. Onlardan biri Ağdaşda, digəri isə Qəbələdə tikilir. Yolda həmçinin işarəvermə və rabitə sistemi üçün bir ədəd məntəqə də inşa olunur. Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq”, - məlumatda qeyd olunur.
Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi üçün dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə 75 mln. manat ayrılıb.**
N.Abbasova