Dövlət Gömrük Komitəsi Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Bunu Komitə sədrinin müavini Cavad Qasımov deyib.
“Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə sıx əməkdaşlıq münasibətlərimiz var. Gələcəkdə gömrük rəsmiləşdirilməsi və səlahiyyətli iqtisadi operator sahəsində, ümumilikdə ticarətin inkişafına təsir edəcək birgə layihələrin həyata keçirilməsi planlaşdırılır”, - Qasımov bu gün “Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması” mövzusunda onlayn görüşdə bildirib.
Bundan əlavə, o vurğulayıb ki, cari ilin yanvar ayından iqtisadiyyatda, xüsusilə özəl sektorda mövcud olan məhdudiyyətləri və artım imkanlarını qiymətləndirmək, həmçinin bu sahəyə investisiya axınını sürətləndirmək məqsədilə konkret tövsiyələr və fəaliyyətlərə dair təhlil aparılır.
Bununla əlaqədar Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının böyük bir heyəti Azərbaycan hökuməti, özəl sektor nümayəndələri və digər maraqlı tərəflərlə görüşlər keçirib.
“Prosesin ilkin mərhələsində toplanmış məlumatlar ən cəlbedici sektorları seçməyə, onların ilkin qiymətləndirilməsini həyata keçirməyə imkan yaradıb”, - Qasımov qeyd edib.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri logistika və müasir metodların tətbiqi sahəsində ciddi irəliləyişlər əldə edəcəklərinə ümidvar olduqlarını qeyd ediblər. **
X.Nəsirzadə