Sentyabrın 21-23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına rəsmi səfər edəcək.
“Sentyabrın 21-də spiker Sahibə Qafarova Moskvaya rəsmi səfər edəcək. Səfər zamanı Milli Məclisin sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Motviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşəcək. Parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq. O cümlədən, S.Qafarovanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub”, - “İnterfaks-Azərbaycan”a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilir.
Həmçinin, S.Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxış edəcək.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.
“Sentyabrın 23-də başa çatacaq səfər zamanı parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır”, - parlamentdən qeyd ediblər. **
X.Nəsirzadə