2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 126 milyon 175,4 min ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-avqust aylarının göstəricisindən 18,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların azalması koronavirus pandemiyası və onun yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiqi ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 78,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-avqust aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 9 milyon 598,2 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,5% çoxdur.
Dəniz nəqliyyatı ilə 3 milyon 939,9 min ton (azalma 3,6%), avtomobil nəqliyyatı ilə 74 milyon 130,2 min ton (azalma 26,9%), hava nəqliyyatı ilə 277 min ton (artım 2,2 dəfə) müxtəlif yük daşınıb.
Yanvar-avqust aylarında daxili neft kəmərləri vasitəsilə 23 milyon 945,7 min ton neft (azalma 9,2%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova