Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 7-də beynəlxalq terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.
“Araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Amil Əhmədovun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək“Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib”, - deyə məlumatda qeyd olunur.
Amil Əhmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.*
X.Nəsirzadə