Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə AMB-nin məlumatında deyilir.
Faiz dəhlizinin aşağı həddi 6,25%-dən 6%-ə, yuxarı həddi isə 7,25%-dən 7%-ə endirilib.
Bu qərar 18 sentyabr 2020-ci ildən qüvvəyə minib.
"Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiyanın hədəf çərçivəsində saxlanılması (4±2%) ilə maliyyə sabitliyi və iqtisadi fəallığın dəstəklənməsi arasında optimal tarazlığın saxlanmasına yönəldiləcək”, – deyə məlumatda bildirilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcək.
“Mərkəzi Bank ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanması və inflyasiyanın hədəf çərçivəsində saxlanılması üçün mandatına uyğun olaraq bütün mümkün tədbirləri görməyə davam edəcək", - deyə məlumatda qeyd olunur.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il oktyabr ayının 30-da ictimaiyyətə açıqlanacaq.
2020-ci ildə Mərkəzi Bankın 6 iclası keçirilib. 4 iclasda uçot dərəcəsinin azaldılmasına dair qərar qəbul edilib. Bununla belə, AMB son 3 iclasda uçot dərəcəsinin azaldılması (hər dəfə 25 b.b) barədə qərar qəbul edib.*
Ə.Məmmədov