Oktyabrın 28-də Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
““Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu oktyabrın 28-də onlayn formatda keçiriləcək”, - deyə məlumatda bildirilir.
Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək.
Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.
1994-cü ildən Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlıq edən Azərbaycan ötən il bu Xartiyaya (Haaqa II sənədi) qoşulub. Azərbaycan 2020-ci ildə Beynəlxalq Enerji Xartiyasının konfransına sədrlik edəcək.*
N.Abbasova