Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının keçmiş sədr müavini Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Bu barədə Penitensiar Xidmət məlumat yayıb.
3 saylı İstintaq Təcridxanasında saxlanılan T.Yaqublu sentyabrın 2-dən aclıq aksiyası keçirirdi. Vəziyyəti ağırlaşdığından o, "City Hospital"a köçürülmüşdü.
“Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib”, – deyə məlumatda qeyd olunur.
Hazırda Yaqublu evdədir və aclıq aksiyasını dayandırıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi və cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə hökm çıxarıb.
Yaqublu ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.*
X.Nəsirzadə