Azərbaycan Xarici İşlər Nazirliyi sərhəddə hərbi qulluqçumuzun həlak olması ilə bağlı məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyub.
“21 sentyabr tarixində Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Məmmədov şəhid olub”, - XİN-in bəyanatında qeyd olunur.
Bildirilir ki, Ermənistanın xarici işlər naziri son bəyanatında bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edib. “Lakin bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir. Düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”, - XİN-dən vurğulanır. **
A.Əzizov