Şəmkir hərbi prokurorluğu tərəfindən Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində bir həırbçinin həlak olması, digər hərbi qulluqçunun yaralanması faktları ilə bağlı iki cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindənməlumat verilib.
“Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurban Qurbanov “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb. Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb”, - məlumatda deyilir.
Prokurorluqdan vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 09:00 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Elşən Məmmədov şəhid olub. Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb”, - Baş Prokurorluq məlumat verir.
Vurğulanır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək. **
X.Nəsirzadə