"VTB Bank (Azerbaijan)"ASC Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə əməkdaşlıq çərçivəsində biznesin güzəştli kreditləşməsinə 5 milyon manat ayırmağı planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Yevgeni Kirin bəyan edib.
“Hazırda SİF ilə əməkdaşlıq çərçivəsində kreditləşdirmə limitimiz 5 milyon manat təşkil edir. Lakin, əməkdaşlığa yenicə başladığımızı nəzərə alaraq, bu limitdən istifadə etmək və yenisi üçün müraciət etmək lazımdır. Gördüyümüz kimi, Fondun rəhbərliyi bizimlə fəaliyyətdə maraqlıdır və bu təşəbbüsü hər vəchlə dəstəkləyir. Bu limitin müəyyən şərtlərlə təkrar baxılması ehtimalına dair heç bir şübhəmiz yoxdur”, - Kirin “İnterfaks-Azərbaycan”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bankın İKZF ilə əməkdaşlığı çərçivəsində də analoji təcrübə müşahidə olunub. “Biz ilkin limitdən istifadə etdik, artıq bu il ərzində artım üçün bir neçə dəfə təkrar nəzərdən keçirilib”, - Kirin əlavə edib.
Xəbər verildiyi kimi, "VTB Bank (Azerbaijan)"ASC Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə saziş imzalayıb. Həmin saziş çərçivəsində bank biznesə güzəştli kreditlər təqdim edəcək.
2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
Ə.Məmmədov