Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Bakı Apellyasiya Məhkəməsinin Tofiq Yaqublunun (iş üzrə dinləmələr sentyabrın 28-nə təyin edilib) ev dustaqlığına buraxılması qərarını alqışlayıblar.
“T.Yaqublunun ev dustaqlığına buraxılması çoxdan gözlənilən ilk addımdır", - deyə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Rocer Qeyl, Stefan Şennax və AŞPA məruzəçisi Sunna Ovarsdottir bildiriblər.
"Bu, bizə ümid verir ki, Azərbaycan hakimiyyəti Yaqublunun işinə yenidən baxacaq. Bundan başqa, Yaqublunun aclıq aksiyasını dayandırmağa qərar verməsi də bizi sevindirir", - deyə onlar qeyd ediblər.
Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr tarixli qərarı ilə T.Yaqublu barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi və cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə hökm çıxarıb.
Yaqublu ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.*
A.Əzizov