Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlayıb, layihəyə 4 milyon manat investisiya qoyulub. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
“Gənc sahibkar tərəfindən yaradılmış turizm kompleksi 4 mərtəbəli oteldən, fitnes, atçılıq mərkəzi, kartinq, restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb”, - deyə məlumatda bildirilir.
KOBİA-nın qiymətləndirmələrinə görə, turizm kompleksinin istifadəyə verilməsi postpandemiya dövründə ölkəmizdə turizmin, xüsusilə də daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaq. Kompleks Lənkəran iqtisadi rayonunun inkişafına, regionda yeni iş yerlərinin açılmasına və məşğulluğun təmin edilməsinə, sahibkarlığın təşviqinə də öz müsbət töhfəsini verəcək.
Hazırda KOBİA tərəfindən turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərilir.
Turizm kompleksinin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerlərinin yaradılaraq yerli sakinlərin məşğulluğunun təmin olunması, eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcək.
Eyni zamanda, KOBİA-nın dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb. KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq.
“Növbəti mərhələdə KOBİA “Lavandeli” çayının istehsalının genişləndirilməsi, satışı və yeni bazarlara çıxarılması istiqamətlərində sahibkarlıq subyektlərinə dəstəyini davam etdirəcək”. – deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə