MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının iclasları 15-16 oktyabr tarixlərində videokonfrans formatında keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti bu gün məlumat yayıb.
"Birlik ölkələrinin daimi nümayəndəlikləri bu gün Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının oktyabrın 15-i və 16-da videokonfrans formatında keçiriləcək növbəti iclaslarına hazırlığın gedişini, həmçinin bu iclaslarda beynəlxalq müqavilələrin imzalanması proseduruna dair məsələni müzakirə ediblər. Sözügedən məsələ Rusiya daimi nümayəndəliyinin təşəbbüsü ilə gündəliyə daxil edilib", - deyə İcraiyyə Komitəsinin saytında bildirilir.
Daha əvvəl MDB sammitinin oktyabrın 16-da Daşkənddə keçirilməsi planlaşdırılmışdı. Özbəkistan 1 yanvar 2020-ci il tarixindən MDB-yə sədrlik edir.*