Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar prezident İlham Əliyevə başsağlığı verib.
“Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də prezident İlham Əliyevə telefonla zəng edib. O, dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
“Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elşən Məmmədov şəhid olub.*
A.Əhmədova