Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal roluna ümid edir. Bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
“Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiyanın beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcəyinə və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə ümid edirik”, - Qafarova çərşənbə günü Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı bildirib.
Spiker vurğulayıb ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirib.
"Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar?”, - Qafarova qeyd edib.
Spiker əlavə edib ki, Azərbaycan ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hərəkət edərək, heç vaxt başqa dövlətin torpaqlarına iddia etməyib. “Lakin Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək”, - Qafarova vurğulayıb. **
X.Nəsirzadə