"Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn həftə Bakıdan Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.
“Ankaraya aviareyslərin həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən keçirilməsi planlaşdırılır”, - aviaşirkətdən məlumat verilir.
Antalyaya xüsusi reyslər sentyabrın 30-dan hər həftənin çərşənbə günləri yerinə yetiriləcək.
Hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir.
Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Qaydalara əsasən, pandemiya dövründə həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır.
Türkiyədən uçduğunuz zaman “Memorial Sağlık Grubu” klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında siyahıdakı klinikalardan birində testdənkeçmək mümkündür.
Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.**
N.Abbasova