Nazirlər Kabineti Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin layihəsini təsdiq edib və sənədin ölkə başçısına təqdim edilməsinə dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Nazirlər Kabineti 2021-ci il dövlət büdcəsinin layihəsini və 2022-2024-cü illər üçün icmal büdcənin göstəricilərini müzakirə edib və bu sənədlərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Baş nazir Əli Əsədov büdcə layihəsinin müzakirəsi zamanı xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, “büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır. Cünki, bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir".
O əlavə edib ki, hökumət büdcə xərclərinin optimallaşdırılması siyasətini həyata keçirməlidir.
Baş nazir vurğulayıb ki, 2021-ci ildə yalnız prioritet investisiya layihələri maliyyələşdiriləcək, müdafiə və təhlükəsizliyin təmin edilməsi xərclərinin isə əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Qanunvericiliyə əsasən, Prezident Administrasiyası gələn il üçün dövlət büdcəsinin layihəsini oktyabrın 15-dən gec olmayaraq parlamentə təqdim etməlidir.
2021-ci il dövlət büdcəsinin kəsiri 1 milyard 520,5 milyon manat və ya ÜDM-nin 2%-i, gəlirləri 24 milyard 327 milyon manat (2020-ci illə müqayisədə artım 0,8%) səviyyəsində proqnozlaşdırılır
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barelinin qiyməti $35 olmaqla hesablanıb (2020-ci il üçün neftin bir barelinin qiyməti $35-dan hesablanıb).
Gəlirlərin strukturunda 57,3% və ya 13 milyard 950 milyon manat neft sektorundan daxilolmalar, 42,7% və ya 10 milyard 377 milyon manat qeyri-neft sektorundan daxilolmalar hesabına təmin olunacaq. 2020-ci illə müqayisədə qeyri-neft sektorundan büdcəyə daxilolmalar 2,4% artacaq.
2021-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12 milyard 200 milyon manat həcmində (2020-ci ilin göstəricisinə uyğundur) və ya bütün büdcə gəlirlərinin 50,2%-i səviyyəsində nəzərdə tutulur.
2021-ci il dövlət büdcəsinin xərcləri 25 milyard 847,5 milyon manat səviyyəsində proqnozlaşdırılır (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 6%).
Xərclərin strukturunda 18 milyard 106,6 milyon manat və ya 70,1% cari xərclərin, 5 milyard 389,1 milyon manat və ya 20,8% əsaslı xərclərin, 2 milyard 351,8 milyon manat və ya 9,1% dövlət borcuna və öhdəliklərinə xidmətləbağlı xərclərin payına düşür.
Gələn il dövlət büdcəsinin bütün xərclərinin 42%-nin sosial məqsədlərə yönəldilməsi planlaşdırılır.
Bundan başqa, 2021-ci ildə koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə dövlət büdcəsindən 600 milyon manat yönəldilməsi nəzərdə tutulur.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir. Kəsir 3 milyard 368,2 milyon manat və ya ÜDM-nin 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əhmədova