Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması haqqında qərar qəbul edib.
Qərara əsasən, Şuranın Nizamnaməsi və tərkibi də təsdiqlənib.
Şura aşağıdakı əsas funksiyaları yerinə yetirir: kosmik fəaliyyət sahəsində dövlət proqramlarından irəli gələn vəzifələrin aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsinin monitorinq edilməsi; kosmik fəaliyyət sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinin və nəticələrinin təhlili; habelə dövlət proqramlarının təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflərin hazırlanması; kosmik fəzanın, o cümlədən uzaq kosmosun öyrənilməsinə və istifadəsinə dair işlərin aparılması istiqamətində sistemli araşdırmanın təşkil edilməsi; kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin verilməsi; beynəlxalq təşkilatlar və qurumlarla, xarici dövlətlərin kosmik agentlikləri ilə öz səlahiyyətləri daxilində əməkdaşlığın həyata keçirilməsi və s.
Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibinə 11 nəfər daxildir: iqtisadiyyat, fövqəladə hallar, maliyyə, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirləri, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti, “Azərkosmos” ASC-nin sədri, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi.
Şuranın bütün üzvləri ictimai əsaslarla fəaliyyət göstərəcək.*
B.Rüstəmbəyov