İqtisadiyyat Nazirliyi 2020-ci ilin yekunları üzrə ÜDM-in azalması ilə bağlı proqnoza yenidən baxıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Əgər bu ilin may-iyun aylarında 4,5-4,7% iqtisadi azalma gözlənilirdisə, artıq həmin rəqəmi 3,5-3,7% arasında gözləyirik”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bütün bu proqnozlar pandemiyanın II dalğasının olub-olmaması ilə bağlıdır.
“Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa sosial aktivliklə bağlıdır, bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz. Sahibkarları pandemiyanın yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə ciddi yanaşmağa çağırıram”, - deyə M.Cabbarov qeyd edib.
İqtisadiyyat Nazirliyi 2020-ci ilin yekunları üzrə ÜDM-nin dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2,9-4,3% azalacağını proqnozlaşdırır. 2021-ci ildə ÜDM-nin 3,4% artacağı gözlənilir.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
Ə.Məmmədov