Sentyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
“Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tam istifadəyə verilməsi və genişləndirilməsinin perspektivləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkə ilə yanaşı, geniş bölgənin sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Nazirlər iqtisadi və ticarət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu və bundan tam istifadə edilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə ölkələrimizin oxşar təhlükəsizlik təhdidləri ilə üzləşdiyi və bununla mübarizədə oxşar baxışın mövcud olduğu vurğulanıb.
“Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, xüsusilə də ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruri olduğu bildirilib. Dövlətlərimizin ikitərəfli əməkdaşlıq ilə yanaşı, çoxtərəfli formatlarda da uğurla əməkdaşlıq etdiyi və qarşılıqlı dəstək nümayiş etdirildiyi qeyd olunub”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə