Gürcüstan tərəfi Azərbaycanla strateji tərəfdaşlığın gələcək inkişafına ümid edir, bu inkişaf regionda sabitliyin təmin edilməsinə kömək edir. Bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra deyib.
"Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq ildən-ilə əhəmiyyətli dərəcədə inkişaf edir və yeni müsbət təkan əldə edir ki, bu da təkcə regionumuzda deyil, onun hüdudlarından kənarda da təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün olduqca vacibdir", - deyə Zalkaliani bu gün azərbaycanlı həmkarı ilə birgə brifinqdə qeyd edib.
Gürcü diplomatın sözlərinə görə, görüşdə tərəflər Gürcüstan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiq ediblər.
Azərbaycanın Ermənistanla dövlət sərhədində vəziyyətə toxunan Zalkaliani vəziyyətin deeskalasiyası üçün addımların atılacağına ümidvar olduğunu deyib.
“Gərginliyin aradan qaldırılması prosesinə beynəlxalq ictimaiyyət fəal şəkildə cəlb olunmalıdır", - deyə o bildirib.
Zalkalianinin sözlərinə görə, danışıqlarda koronavirus pandemiyası ilə əlaqədar bir qədər ləngiyən Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı məsələlər də müzakirə olunub.
O qeyd edib ki, hər iki tərəf Gürcüstan və Azərbaycanın milli maraqları nəzərə alınmaqla bu prosesin sürətləndirilməsinə hazır və maraqlı olduğunu bəyan edib.
Görüş zamanı nazirlər Gürcüstan-Azərbaycan münasibətlərini əhatə edən bütün mühüm məsələləri müzakirə ediblər, həmçinin ticari-iqtisadi əlaqələrin daha da aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.
"Pandemiyaya baxmayaraq, Gürcüstanla Azərbaycan arasında yük dövriyyəsi bir gün də olsun dayandırılmayıb, əksinə, bu istiqamətdə artan dinamikamız var", - deyə Zalkaliani bildirib.