SOCAR 2020-ci ildə OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliklər nəzərə alınmaqla kondensatla birlikdə 7,2 milyon ton neft hasil etməyi planlaşdırır.
"OPEC+ razılaşması çərçivəsində məhdudiyyətlər nəzərə alınmaqla, bu il bilavasitə SOCAR tərəfindən neft hasilatı 7,2 milyon ton həcmində planlaşdırılır. Bu rəqəm kondensatı da əhatə edir", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O, həmçinin qeyd edib ki, OPEC+ üzrə öhdəliklər nəzərə alınmaqla, 2020-ci ildə Azərbaycanda kondensatla birlikdə 34,5 milyon tona yaxın neft hasil ediləcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda 37 milyon 517,6 min ton neft (kondensatla birlikdə) hasil edilib. Beləliklə, 2020-ci ildə azalma 8,1% təşkil edəcək.
SOCAR 2019-cu ildə 7 milyon 683,1 min ton neft hasil edib. Beləliklə, 2020-ci ildə şirkət hasilatı 6,3% azaldacaq.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barel - 587 min barelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barel - 620 min barelədək azaltmalıdır.
AÇG-də hasilat 567 min bareldən azaldılaraq 434 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılıb.
İkinci mərhələdə AÇG-də hasilat 567 min bareldən azaldılaraq 461 min barel, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılacaq.*
N.Abbasova