Fəaliyyətdə olduğu 4 il ərzində “AzerGold” QSC “Çovdar” mədənindən hasil edilmiş 202 min unsiyadan çox qızıl və 350 min unsiyadan artıq gümüş ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Cəmiyyətin fəaliyyətdə olduğu 4 il ərzində “Çovdar” mədənindən hasil edilmiş 202 min unsiyadan çox qızıl, 350 min unsiyadan artıq gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 493 milyon manatadək vəsait cəlb olunub. Bu vəsaitin 36,7 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib”, - deyə məlunmatda bildirilir.
2016-2019-cu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb ki, bu məbləğin də 15 milyon manatı nizamnamə kapitalının artırılmasına yönəldilib.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
Ə.Məmmədov