Rəsmi Bakı beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistana təzyiq göstərməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında deyilir.
“Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır”, - deyə açıqlamada bildirilir.
XİN vurğulayır ki, Ermənistan iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində uğursuzluğa uğradıqdan sonra Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi ilə yenidən təcavüz aktı törətmək niyyətindədir.
“Bu “sınaq” hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük etmiş və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirmişdir. Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan etmişdir”, - deyə açıqlamada bildirilir.
Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir.
“Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir”, - deyə bəyanatda vurğulanır.*
X.Nəsirzadə